Thursday, December 29, 2005


YENİ MANATIMIZ TƏQDİM EDİLDİ

Milli valyutamız 1, 5, 10, 20, 50 və 100 manatlıq əskinaslardan və 1, 3, 5, 10 və 50 qəpiklik sikkələrdən ibarətdir M.ZEYNALOV Dünən Azərbaycanın yeni pul nişanlarının "Ekselsior Notel Baku" mehmanxanasında təqdimetmə mərasimi keçirilib. Mərasimdə Azərbaycanın prezidenti İlham Əliyev və digər dövlət rəsmiləri də iştirak ediblər. Prezident ilk öncə mehmanxananın foyesində müxtəlif dövrlərə aid pul nümunələrinin sərgisinə baxıb. Sonra tədbiri Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov açıb. O, dövlət başçısının 7 fevral 2005-ci il tarixli fərmanına uyğun olaraq dövriyyəyə hazırlanan milli valyuta barədə danışıb. E.Rüstəmov bildirib ki, avronun müəllifi olan Robert Kolinanın tərtibatı əsasında hazırlanan milli valyutamız 1, 5, 10, 20, 50 və 100 manatlıq əskinaslardan və 1, 3, 5, 10 və 50 qəpiklik sikkələrdən ibarətdir. Əskinaslarda 4 qrupa bölünmüş 30-a yaxın müasir elementlər var. Yeni manat İsveçrə frankının hazırlanmasında istifadə edilmiş kağızlarda çap olunub. Prezident İ.Əliyev mərasimdə çıxış edərək yeni manatın tədavülə buraxılmasını çox mühüm hadisə kimi dəyərləndirib. Dövlət başçısı bu addımı ölkəmizin zənginləşməsi və müasirləşməsi ilə əlaqələndirib. Prezident son 10 ildə ölkə iqtisadiyyatının sürətlə inkişafının bütün sahələrdə olduğu kimi pul sisteminin təkmilləşdirilməsi zərurəti də doğurduğunu diqqətə çatdırıb. İ.Əliyev bildirib ki, 1996-cı ildən başlayaraq Azərbaycan iqtisadiyyatının inkişaf tempi ildə orta hesabla 10 faiz təşkil edib və belə bir şəraitdə yeni valyutanın dövriyyəyə buraxılmasının çox böyük əhəmiyyəti var. "2005-ci ildə iqtisadi inkişaf tempinə əsasən Azərbaycan sürətli inkişaf ərəfəsindədir. Respublikada artıq möhkəm iqtisadi bazis mövcuddur. Bu gün aparılan islahatlar milli iqtisadiyyatı daha da gücləndirib" deyən İ.Əliyev həmçinin qeyd edib ki, orta illərdə investisiya daxilolmalarının əsas axını xaricdən gətirilirdisə, bu gün iqtisadi artım irimiqyaslı daxili investisiyaların həcmini genişləndirməyə imkan verir. "Manatın yeni dizaynı yalnız milli valyutanın şəklinin dəyişməsi deyil. Bu, Azərbaycanın iqtisadi artımının təzahürüdür", - deyə prezident əlavə edib. Dövlət başçısı həmçinin qeyd edib ki, son illərdəki ölkə rəhbərliyi tərəfindən aparılan bütün iqtisadi islahatlar istisnasız olaraq uğurlu olub. İ.Əliyevin sözlərinə görə, 1990-cı illərin ortalarında başlanmış islahatlar sayəsində Azərbaycan regionda iqtisadi baxımdan aparıcı dövlətə çevrilib. Mərasimdə çıxış edən prezident həmçinin ümid etdiyini bildirib ki, yaxın illərdə iqtisadi inkişaf tempi daha da yüksələcək. O qeyd edib ki, bu gün makroiqtisadi sabitliyin saxlanılması ölkə üçün daha böyük əhəmiyyət kəsb edir. Prezidentin sözlərinə görə, son 10 ildə Azərbaycanda iqtisadi sabitlik təmin edilib və Milli Bankın bu sahədə strategiyası və siyasəti böyük rol oynayıb. Dövlət başçısı 2005-ci ilin əvvəlində inflyasiyanın çoxalmasını misal göstərib. Amma Azərbaycan Milli Bankının təcili tədbirləri sayəsində vəziyyət bərpa edilib və ilin sonunadək inflyasiyanın səviyyəsi normallaşıb. Eyni zamanda dövlət başçısı daha dəqiq iqtisadi strategiyanın aparılması zərurətini qeyd edib. Prezidentin sözlərinə görə, yaxın gələcəkdə iri regional layihələrin gerçəkləşdirilməsi güclü infrastrukturun yaradılması ilə bağlı tədbirlərin keçirilməsi, əhalinin rifah halının yüksəldilməsi və sair işlərin həyata keçirilməsi planlaşdırılır. Dövlət başçısı həmçinin qarşıdakı illərin Azərbaycan üçün yüksəliş dövrü olacağını da qeyd edib.

0 Comments:

Post a Comment

<< Home