Wednesday, March 15, 2006

BU GÜN İLAXIR ÇƏRŞƏNBƏDİR

Bu gün ayın-ilin axır çərşənbəsidir. Məlum olduğu kimi, qədim elat tərəkəmələri özlərinə yağı hesab etdikləri qışı üç hissəyə bölüblər: böyük çillə, kiçik çillə və boz ay. İndi biz martın 20-də başa çatacaq boz ayın son günlərindəyik.

Qışdan qurtulmağımıza bir şey qalmayıb, cəmi iki-üç günün söhbəti var. Bir neçə gün sonra qeyd edəcəyimiz Novruz bayramına hazırlıq isə əslində düz qırx gün əvvəl başlanıb, bir-birinin ardınca gələn çərşənbə axşamları, biş-düş, təmizlik işləri və s. Beləcə, bu gün ilaxır çərşənbəni də yola veririk, qalır bayram günləri.
Yeri gəlmişkən, çərşənbələrin ardıcıllığı ilə bağlı bir məqama diqqət yetirmək istərdik. Məsələ ondadır ki, çərşənbələrin ardıcıllığı ilə bağlı müxtəlif mülahizələr var. Məsələn, tədqiqatçı Mürsəl Həkimov onları bu ardıcıllıqla düzür: Su çərşənbəsi, Od çərşənbəsi, Torpaq çərşənbəsi və Yel çərşənbəsi.
M.Həkimovun yazdığına görə, türk-müsəlman dünyasında Yel çərşənbəsi Yeni ilin yeni günü üçün bütün çərşənbələrin yekun mərhələsi, ən şərəfli, təmtəraqlı çərşənbədir. Bu çərşənbədə Yel baba suyun, yerin donunu açır, odu üfləyir, Günəşin qarşısını kəsən qara buludları qovur, onun şöləsini artırır. Xalq arasında yayılan avazlamalarda da yelin təbiətə faydası, onun gətirdiyi xeyir, ona olan ümidlər əks olunub:

A Yel babam, Yel əs gətir,
Xeyir xəbər-səs gətir.
Yeni ilin yeni ayında,
Yeddi ilin yeni ayında,
Yeddi əmlik kəs, gətir!

Deyilənə görə, sonuncu çərşənbə günündə göydəki ulduzları saysan, ürəyində tutduğun bütün arzuların yerinə yetər. Ümumiyyətlə, Novruzla bağlı olan falaçmaların əksəriyyəti məhz ilaxır çərşənbə axşamında yerinə yetir. Bu çərşənbənin xarakterik xüsusiyyətləri papaqatdı, qapıpusma kimi adətlərdir. Sonuncu çərşənbə axşamında gənclər və uşaqlar qonum-qonşunun evinə papaq atır və bir kənarda gizlənib pay istəyirlər. Həmin papaqlara şəkərbura, paxlava, müxtəlif növ şirniyyat, qoz-fındıq qoyulub geri qaytarılır və bu da Yeni ildə insanların daha mehriban, ruzi-bərəkətli olmasına hesablanan bir ayindir. Bundan başqa, axırıncı çərşənbə axşamında niyyət edib qapı pusmaq da geniş yayılıb. Bu gün nişanlı qızların, eləcə də ürəyində böyük arzuları olan hər bir insanın niyyət edib qapı pusması məsləhət görülür. İnanclara görə, əgər bu axşam xoş söz, xeyir xəbər eşitsən, ürəyindən keçənlərin hamısı çin olar. Həmçinin Novruz bayramının simvolları olan şəkərbura-paxlavanın sonuncu çərşənbə günündə süfrədə olması vacibdir.
Bayramınız – Yeni iliniz mübarək olsun!

Həbibə ABDULLA

0 Comments:

Post a Comment

<< Home