Monday, March 13, 2006
DÜNYANIN ƏN VARLI AZƏRBAYCANLISI
2006-03-13 - 17:51:00
ABŞ-ın «Forbes» jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının – 793 milyarderin siyahısında 37-ci yeri «Lukoyl» neft şirkətinin prezidenti Vahid Ələkbərov tutur. Onun varidatı 11 milyard dollar həcmində qiymətləndirilir.
V.Ələkbərov «Forbes»in siyahısında adı olan yeganə azərbaycanlıdır. (Yeri gəlmişkən, ötən həftə bəzi KİV-lər «Forbes»in siyhasına düşən Süleyman Əbusəidoviç Kərimovu da azərbaycanlı kimi təqdim edib. Lakin Rusiya Dövlət Dumasının deputatı S.Kərimov azərbaycanlı deyil, o, Dağıstanda dünyaya gəlib və milliyyətcə ləzgidir).
«Media forum» saytı dünyanın ən varlı azərbaycanlısının keçdiyi yola qısa nəzər yetirmək qərarına gəlib.
Vahid Yusif oğlu Ələkbərov 1950-ci il sentyabrın 1-də Bakıda neftçi ailəsində doğulub. Əslən Cənubi Azərbaycandan olan atası Yusif Kərbəla oğlunu 3 yaşında itirib.
V.Ələkbərov əmək fəaliyyətinə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Neft Akademiyası) təhsil aldığı vaxt «Kaspromneft» müəssisəsinin 2 nömrəli mühəndis-texnoloji xidmətində neft və qaz hasilatı üzrə operator kimi başlayıb. İnstitutu 1974-cü ildə neft və qaz mədənlərinin emalının kompleks mexanikləşdərilməsi və texnologiyası üzrə dağ mühəndisi ixtisası üzrə bitirib.
Növbəti 20 ilə yaxın müddətdə V.Ələkbərovun əmək stajı belə olub:
1974-1977 - «Kaspromneft»in 2 nömrəli mühəndis-texnoloji xidmətində neft və qaz hasilatı üzrə operator;
1977-1978 - «Kaspromneft»in 2 nömrəli mühəndis-texnoloji xidmətində növbə rəisi;
1978 - «Kaspromneft» müəssisəsində neft və qaz hasilatı üzrə usta;
1978-1979 - baş mühəndis, «Kaspromneft»də mədən rəisinin müavini;
1979 - SSRİ Neft Sənayesi Nazirliyinin nəzdində olan «Surqutneftqaz» müəssisəsinin 2 saylı «Fedorovskneft» neft mədəninin baş mühəndisi;
1979-1980 - «Fedorovskneft» mədəninin rəisi;
1980-1981 - «Surqutneftqaz»ın nəzdində olan «Xolmoqorneft» müəssisəsinin baş mühəndisi, texnoloji xidmətin rəisi;
1981-1983 - «Surqutnefqaz»ın nəzdindəki «Ləntorneft»in (Tümen vilayətinin Surqut rayonunun Lənqtər qəsəbəsi) baş mühəndisi, rəis müavini;
1983-1985 - «Povxneft»də idarə rəisi;
1985-1987 - «Başneft» müəssisəsinin baş direktorunun birinci müavini;
1987-1990 - «Koqalımneftqaz»ın baş direktoru;
1990-1991 - SSRİ neft və qaz sənayesi nazirinin müavini;
1991-1992 - SSRİ neft və qaz sənayesi nazirinin birinici müavini.
1991-ci ilin sonunda V.Ələkbərov Perm, Volqoqrad və Majeyski (Litva) zavodları ilə «Lanqenpasneftqaz», «Urayneftqaz» və «Koqalımneftqaz» (sonradan bu üç zavodun baş hərfləri «LUKoyl» şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olaraq Rusiyada ilk neft konsernini yaradıb.
1993-ci ildən indiyədək «Lukoyl» şirkətinə prezidentlik edən V.Ələkbərov «Şərəf nişanı», Dostluq ordeni, «Qərbi Sibirin dərinliklərinin öyrənilməsi və neft-qaz kompleksinin inkişaf etdirilməsinə görə» medalı ilə təltif olunub.
İqtisad elmləri doktorudur.
V.Ələkbərov dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır. O, Rusiya vətəndaşıdır.
Ailəlidir, Yusif adlı bir oğlu var.
«Media forum»
0 Comments:
Post a Comment
<< Home