Thursday, December 29, 2005



Prezidentlərin görüşü münaqişənin həllində dönüş mərhələsi olacaq
Azərbaycan və Ermənistan prezidentlərinin gələn ilin yanvar ayının sonu və yaxud fevralın əvvəllərində keçiriləcək növbəti görüşündə Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması ilə əlaqədar tərəflərin ortaq məxrəcə gələcəyi istisna edilmir.
Başa çatmaqda olan ilin son günlərində Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması istiqamətində aparılan işlərin intensivləşməsi müşahidə olunmaqdadır. Bu baxımdan ATƏT Minsk Qrupu həmsədrlərinin bir müddət bundan əvvəl münaqişə bölgəsinə səfərləri zamanı problemin gələn il aradan qaldırılacağı barədə söylədikləri fikirlərin münaqişədə olan tərəflərin dövlət rəsmilərinin də dəstəkləmələri diqqəti cəlb edir.
Uzun müddət problemin aradan qaldırılmasına münasibətdə sərt mövqe nümayiş etdirən Ermənistan rəsmiləri, nəhayət ki, münaqişənin aradan qaldırılmasının vacibliyini dərk etməyə başlayıblar. Hər halda Ermənistan xarici işlər naziri Vardan Oskanyanın bir neçə gün bundan əvvəl KİV nümayəndələrilə söhbətində problemin aradan qaldırılmasının artıq qaçılmaz zərurətə çevrildiyini deməsini təsadüfi hesab etmək olmaz. O: “2006- cı ildə Dağlıq Qarabağ münaqişəsini həll etməyə məcburuq. Çünki artıq vaxt gözləmir və bu problemin aradan qaldırılması hər iki tərəfin maraqlarına uyğundur”-deyib. Bununla belə Oskanyan problemin aradan qaldırılması üçün çox işlərin görülməsinə ehtiyac olduğunu vurğulayıb. Amma erməni nazir belə hesab edir ki, münaqişənin aradan qaldırılması məsələsində tərəflər ciddi kompromislərə getməyə hazır olmalıdırlar. Oskanyan eyni zamanda hər iki ölkədə ictimai rəyi qəbul ediləcək qərarlara hazırlamağın da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Oskanyanın məsələ ilə bağlı dediyi digər fikirlər də diqqəti cəlb edib. O deyib ki, hər hansı bir qərarı tərəflərə zorla qəbul etdirmək olmaz və bu məsələdə hər iki tərəfin qarşılıqlı razılığı lazımdır. Bununla belə, Oskanyan münaqişənin gələn il aradan qaldırılması ilə əlaqədar söylənilən fikirlərin şişirdilməsinin əleyhinə çıxıb. O belə hesab edir ki, danışıqlarda irəliləyiş olsa da, bu hələlik arzu edilən sülh anlaşmasının imzalanması üçün yetərli deyil. Ermənistan xarici siyasət idarəsinin başçısı iki ölkə prezidentlərinin görüşündən əvvəl xarici işlər nazirlərinin bir araya gələrək bəzi mühüm məsələləri müzakirə etməsinin zəruriliyini də vurğulayıb. Qeyd edək ki, Oskanyanın fikirlərində bəzi ziddiyətlər də nəzərə çarpır. O bir tərəfdən gələn il münaqişənin aradan qaldırılmasının zəruriliyini söyləyir, digər tərəfdən də problemin həllilə bağlı məsələni şişirtməməyə çağırır. Bu isə o deməkdir ki, Oskanyan çətin vəziyyətdə qalıb. O münaqişənin gələn il aradan qaldırılacağını başa düşsə də buna hazır deyil. Oskanyanın hər hansı bir qərarın tərəflərə zorla qəbul etdirilməsinin yolverilməzliyni bildirməsindən belə başa düşmək olar ki, problemin aradan qaldırılması və işğal edilmiş torpaqların azad edilməsi barədə beynəlxalq təşkilatlar tərəfindən Ermənistana təzyiqlər göstərilir. Yeri gəlmişkən məsələ ilə əlaqədar digər bir fakta da diqqəti cəlb edək. Oskanyanla eyni zamanda ATƏT MQ-nın Rusiyadan olan həmsədri Yuri Merzlyakov mətbuata verdiyi açıqlamada Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində aradan qaldırılacağını deyib. Rusiya səlahiyyətlisinin münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyini söyləməsi isə bu məsələdə Kremlin mövqeyində də müəyyən dəyişikliklərin olduğunu göstərir. Merzlyakov eyni zamanda Azərbaycan və Ermənistan prezidentlərinin gələn ilin yanvarın sonu və ya fevralın ilk ongünlüyündə görüşmələri barədə razılıq əldə edildiyini deyib. Bu xəbəri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da təsdiq edib. Beləliklə, hadisələrin gedişi göstərir ki, gələn ilin münaqişənin həllində dönüş il ola biləcəyi ehtimalı, həqiqətən də, yüksəkdir və bunun reallaşıb-reallaşmayacağını hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi göstərəcək.

0 Comments:

Post a Comment

<< Home