Thursday, March 16, 2006

PREZİDENT İLHAM ƏLİYEVİN DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYINDAKI ÇIXIŞINDAN:

«DANIŞIQLAR ƏBƏDİ DAVAM EDƏ BİLMƏZ»

2006-03-16 - 15:29:00
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının II qurultayındakı çıxışında bildirib ki, Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar uzun müddətdir davam edir və müəyyən razılaşma əldə olunsa da, onları həyata keçirmək mümkün olmur. "Lakin bu danışıqlar əbədi davam edə bilməz. Bizim səbrimiz sonsuz deyil. Əgər Ermənistan bundan sonra da danışıqları imitasiya etsə, biz bunda iştirak edən deyilik" deyə İ.Əliyev vurğulayıb.
Prezident Azərbaycanın məlum mövqeyini xatırladıb: erməni qüvvələri işğal olunmuş ərazilərdən çıxmalı, məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdır. İ.Əliyev bildirib ki, Azərbaycan güzəştə getməyəcək və Qarabağ münaqişəsinin ölkənin ərazi bütövlüyü çərçivəsində həllinə nail olacaq. "Nə qədər ki, Ermənistan bizim əraziləri işğal edib, heç bir əməkdaşlıqdan söhbət gedə bilməz".
Prezident vurğulayıb ki, nə indi, nə də 10 və 100 ildən sonra biz Dağlıq Qarabağın ayrılmasına razı olmayacağıq, Qarabağ qədim Azərbaycan torpağıdır. "Əgər Ermənistan ATƏT-in Minsk Qrupunun yeni təklifləri ilə razılaşsa və danışıqlar zamanı səmimi olsa, onda sülh olacaq. Nizamlanma zamanı beynəlxalq milli muxtariyyət təcrübəsindən istifadə oluna bilər".
Dövlət başçısı qeyd edib ki, Azərbaycan bundan sonra da öz hərbi gücünü möhkəmləndirmək niyyətindədir. 2006-cı ildə hərbi büdcə 100% artıb, gələcəkdə isə bu rəqəm daha da artaraq Ermənistanın bütün dövlət büdcəsinə bərabər olacaq. "Ermənistan heç zaman Azərbaycanla rəqabət apara bilməz. Yerevan bunu nə qədər tez başa düşsə, o qədər yaxşıdır. Ermənistan özü də Azərbaycanla razılığa gəlməkdə və əməkdaşlıqdan faydalanmaqda maraqlıdır".
Prezident xatırladıb ki, Ermənistan regional layihələrdən təcrid olunub, mühüm kommunikasiyalardan kənarda qalıb. "Bunu biz etmişik. Çünki Ermənistan öz təcavüzkar siyasətindən əl çəkmir".
Diasporumuzun Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadığını vurğulayan prezident daha sonra əlavə edib: "Mən çox istərdim ki, azərbaycanlılar yaşadıqları ölkənin ictimai-siyasi həyatında mühüm rol oynasınlar". Prezident diaspor nümayəndələrini yaşadığı ölkələrin siyasi partiyalarında iştiraka, qanunvericilik orqanlarında təmsil olunmağa çağırıb. "Bu bizim mövqeləri möhkəmləndirir. İqtisadi baxımdan bizim mövqelərimiz möhkəmdir, indi də siyasi baxımdan möhkəmlənmək lazımdır".
"Bizim gücümüz sizin fəaliyyətinizdə, sizin də gücünüz Azərbaycan dövlətinin gücündədir. Ölkəmiz nə qədər güclü olsa, siz də o qədər güclü olacaqsınız" deyə İ.Əliyev qurultayda təmsil olunan diaspor nümayəndələrinə müraciət edib.

0 Comments:

Post a Comment

<< Home