Tuesday, April 04, 2006


http://www.neftchipfc.com/

Uzaq 1911-ci ildə Azərbaycanda ilk futbol komandaları yaranmağa başlayıb. Həmin dövrdə ingilislərin neft yataqlarımıza meyl etməsi futbolumuza müsbət və mənfi təsirlərini göstərib. Futbolun vətəni İngiltərə olduğundan onların Bakıya gəlməsi yerli əhali arasında da bu idman növünü populyarlaşdırdı. Elə Bakıda ilk futbol komandasının da adı "Britaniya klubu" oldu. Əvvəlcə burada oyunlar keçirən "Britaniya klubu" 1912-ci ildə Gürcüstana yola düşərək ilk beynəlxalq matçını keçirib. Tbilisidə keçirilən qarşılaşmada, yerli "Sokol" Bakı təmsilçisinə 2:4 hesabıyla məğlub olub. Azərbaycanda sovet höküməti qurulanadək gürcülərlə Bakı komandalarının 11 görüşü baş tutub. Fərəhləndiricidir ki, ümumi hesab Azərbaycan komandalarının xeyrinə olub.
1914-cü ildə Bakı Futbol İttifaqı (BFİ) yaransa da, bu təşkilatın ömrü çox sürməyib. 1917-ci ildə sovet höküməti qurulandan sonra 20 komandanı birləşdirən BFİ süquta uğrayıb. 1920-ci ildə futbol həyatı Bakıya qayıdıb və ilk şəhər birinciliyinin qalibi "Sokol" olub. 1923-cü ilin yazında komsomolun Zaqafqaziya olimpiadası keçirilib. Tbilisidə düzənlənən yarışa meydan sahiblərilə yanaşı, Bakı, Batumi, İrəvan komandaları da qatılıb. Bütün görüşlərdə qələbə qazanan bakılılar ilk olimpiadanın qalibi olub. 1925-ci və 1926-cı illərdə də Bakı komandası birinci yeri tutub.
1921-ci ildə paytaxtımızda fəaliyyət göstərən komandalar arasında "Komsomolçu" və "İdman" daha uğurla çıxış edib. 1923-cü ildə "Komsomolçu"nun adı dəyişdirilib və bir çox variantlar arasından "Proqress" seçilib. Bundan sonra isə "Proqress"lə "İdman"dan vahid komanda yaratmaq zəruri hesab edilib. Yenidən ad məsələsi gündəmə çıxıb. Bu dəfə qərar daha ədalətli olub: iki komanda arasında görüş keçirərək vahid komandaya qalibin adını vermək. "Proqress" 4:2 hesablı qələbə qazandı və adı tarixdə əbədiləşdi. Daha çox Balaxanı sakinlərindən ibarət olan bu komanda, 1926-cı ildə Zaqafqaziya çempionatında Azərbaycanı təmsil etmək şərəfinə nail olub. Tbilisidə keçirilən turnirin açılış matçında qonaqlar - Bakı və İrəvan komandaları üz-üzə gəlib. Balaxanı futbolçuları ilk rəsmi matçda erməniləri darmadağın edib və 4:0 hesabıyla qələbə qazanıb. Meydan sahibləri erməniləri daha iri hesabla (7:0) məğlub edib. Son matçda gürcüləri heç-heçə də qane edirdi. Matçın bitiminə 4 dəqiqə qalmış hesab 3:3 idi. Lakin Qnezdovun qolu ilk çempionatın qalibi adını "Proqress"ə gətirdi.
İlk Zaqafqaziya çempionu adını bu futbolçular qazanıb: qapıçılar - Aqapov, Makoqonov; müdafiəçilər - Maraxtanov, Kosenkov; yarımmüdafiəçilər - Frolov, İvanov, Pantsev; hücumçular - Qnezdov, Yeliseyev, Kuznetsov, Makoqonov, Komarov, Semyanistı. Matçlardakı sxemə gəlincə 2-3-5 sistemi tətbiq olunub. Növbəti mövsüm "Proqress"in ölkəmizi təmsil etməyinin əleyhinə çıxan bir neçə komanda öz oyunçularını da ezam etməyi təklif edib. Heyətdə xeyli dəyişikliyə baxmayaraq, təmsilçimiz gürcülərlə "duel"dən xalla ayrıla bilib - 1:1. Gürcülərin ermənilərlə də qarşılaşması 1:1 bitib, bakılıların ilk pilləyə şansı xeyli artıb. Komandamız erməniləri 6:3 hesabı ilə məğlub edib. Qeyd edək ki, bu matçda qapıçı İkonnikov ermənilərin iki penalti zərbəsini dəf etməyə müvəffəq olub. Beləcə, ikini Zaqafqaziya çempionatının qalibi adına yenə də Azərbaycan yığması layiq görülüb.
1931-ci ildən etibarən "Proqress" Lenin rayonunun komandası adlandırıldı. Bundan 1 il sonra isə Almaniya və İngiltərənin fəhlə komandalarıyla qarşılaşan təmsilçimiz müvafiq olaraq 5:3 və 5:2 hesablı qələbələrə imza atıb.
Azərbaycan futbolçuları ilk beynəlxalq yoldaşlıq görüşlərini 1926-cı ildə keçiribIər. Bakının gənclərdən ibarət seçmə komandası İranın yığma komandasına qalib gəlib - 4:3. Azərbaycan Pedaqoji İnstitutunun futbolçuları ilə İran yığma komandasının görüşü heç-?heçə (0:0) nəticələnib. Həmin il Bakının "Tərəqqi" ko?mandası da İran futbolçularını məğlub edib - 3:1.
1929-cu ildə Bakının yığma komandası İranda bu ölkənin seçmə komandasına (4:1), Tehranın yığma komandasına (11:0 ve 4:0) qarşı keçirdiyi oyunların hər üçündə qələbə qazanıb.
1930-1931-ci illərdə Azərbaycanı yoldaşlıq görüşlərində Bakının seçmə fəhlə komandası təmsil edib. Futbolçularımız Almaniyanın seçmə fəhlə komandası (4:3 ve 1:0) və İngiltərənii seçmə fəhlə ko?mandası (5:2 va 3: 1) üzərində qələbə qazanıblar. İkinci Dünya müharibəsindən sonrakı illərdə Azərbaycan futbolçuları xarici ölkələrdə əsasən "Neftçi"nin timsalında tanınıbIar.

0 Comments:

Post a Comment

<< Home