Wednesday, May 17, 2006



Ç. , May. 17, 2006


İRAN ORDUSUNDA AZƏRBAYCANLILARIN QİYAMI


Tehranda 50-dək azərbaycanlı hərbçi İran xüsusi xidmət orqanlarının nəzarətinə götürülüb


C.SÜMƏRİNLİ


Ötən bazar günü İran Silahlı Qüvvələrinin paytaxt Tehran şəhəri yaxınlığında yerləşən hərbi hissələrindən birində etnik zəmində ciddi qarşıdurma baş verib. Söhbət milliyyətcə azərbaycanlı olan hərbi qulluqçularla farslar arasında baş verən ziddiyyətdən gedir. Bu barədə İran mənbələrindən "Ayna"ya məlumat daxil olub. Mənbə bildirir ki, hər şey milliyyətcə azərbaycanlı olan bir əsgərin əşya çantasından Azərbaycan Respublikasının dövlət bayrağının çıxmasından sonra baş verib. Hadisə İran Silahlı Qüvvələrində ənənəvi olaraq ildə bir dəfə keçirilən ümumqoşun yoxlamasının gedişində baş verib. Bildirildiyinə görə, İran Müdafiə Nazirliyinin mərkəzi aparatından gəlmiş təftiş qrupuna rəhbərlik edən general rütbəli zabit sözügedən hərbi hissənin 500 nəfərlik şəxsi heyətinin sıra düzülüşünü, əşya çantalarını və geyimini yoxlayıb. Bu zaman əsgərlərdən birinin əşya çantasında Azərbaycanın üçrəngli dövlət bayrağı aşkar edilib. Bu hadisə təftiş qrupu rəhbərinin qəzəbinə səbəb olub. İran hərbçisi həmin əsgərin milliyyətini soruşduqda, o azərbaycanlı olduğunu bəyan edib.Bildirildiyinə görə, azərbaycanlı əsgərin cavabı fars generalının əsəblərinə "təsir edib". Bu səbəbdən o azərbaycanlı hərbçini təhqir edərək ona qarşı güc işlətməkdən belə çəkinməyib. Hadisə barədə məlumatlı olanların sözlərinə görə, İran generalı əsgəri ayaqları altına salıb.Bundan kifayətlənməyən zabit sırada olan bütün azərbaycanlı hərbçilərin, o cümlədən zabitlərin önə çıxmasını əmr edib. Bu zaman 50-dək əsgər və bir neçə zabit önə çıxıb. Yüksəkrütbəli zabit bayrağın hansı yolla əsgərin əşya çatnasına "düşməsi" səbəblərini soruşub və sualına cavab almadığını görəndə bərk qəzəblənib və azərbaycanlı hərbçiləri təhqir edib. Buna dözməyən azərbaycanlı hərbçilərdən bir çoxu İran generalını etnik münasibətləri qızışdırmaqda ittiham ediblər. Bu zaman sıradakı fars millətindən olan hərbçilərin bir qismi azərbaycanlıların tərəfini saxlasa da, əksəriyyəti fars zabiti müdafiə ediblər.Vəziyyətin gərginləşəcəyindən, hətta silahlı toqquşmaya çevriləcəyindən ehtiyat edən hərbi hissə komandanlığı prosesə müdaxilə edərək, hərbçiləri sakitləşdirməyə çalışıb. Bundan sonra farslar və azərbaycanlılar arasında söz davası başlanıb. Sonra vəziyyət nisbətən qaydaya düşüb.Amma məsələ bununla bitməyib. Bildirildiyinə görə, bazar günü axşam saatlarında İran xüsusi xidmət orqanlarının nümayəndələri sözügedən hərbi hissəyə təşrif buyurublar. Bundan sonra isə sözügedən azərbaycanlı hərbçiləri hərbi hissədən naməlum istiqamətə aparıblar.Məsələ ilə bağlı İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Mustafa Məhəmməd Nəccara məlumat verildiyi bildirilir. Bunun ardınca dünəndən etibarən İran hərbi rəhbərliyinin göstərişi əsasında ölkənin silahlı qüvvələrinin bütün hərbi hissələrində və obyektlərində ciddi yoxlamalara başlanılıb. İran mənbələrinin məlumatlarına görə, bu yoxlamaların gedişində orduda xidmət edən azərbaycanlı hərbçilər xüsusi diqqət mərkəzində olacaq. Onlar xüsusi sorğu-suala tutulacağı qeyd edilir.Qeyd edək ki, bu gün İran İslam Respublikasının Silahlı Qüvvələrinin şəxsi heyətinin ümumi sayı 600 min nəfərdən artıqdır. Qeyri-dəqiq məlumatlara görə, onların təxminən 200 min nəfərini milliyyətcə azərbaycanlı hərbçilər təşkil edir. Onların arasında azərbaycanlı zabitlərin sayı isə 15 min nəfərdən artıqdır.Qeyd edək ki, bəzi məlumatlara görə, İran rəhbərliyi ABŞ-ın ölkəyə qarşı hərbi müdaxiləsinin gerçəkləşəcəyi təqdirdə azərbaycanlı hərbçiləri ölkənin müdafiə qüdrətini sarsıdacaq əsas amillərdən hesab edirlər. Bu səbəbdən hazırda İran ordusunda xidmət edən bütün "şübhəli" azərbaycanlılar nəzarət altına götürülüb. Onların hər bir hərəkəti, təmasları, hətta oxuduğu mətbuat da diqqətlə izlənilir.

http://ayna.az/rubric.php?id=1927

0 Comments:

Post a Comment

<< Home