Thursday, March 02, 2006


Dünən Prezident İlham Əliyev Qarabağ bölgəsinə səfər edib.
Səfərə Ağdam rayonundan başlayan ölkə başçısı burada məcburi köçkünlərin məskunlaşdığı Dörd yol yaşayış məntəqəsində olub. Qeyd edək ki, Ağdamda məcburi köçkünlər üçün 12 yaşayış məntəqəsi tikilməkdədir. Yeni salınan qəsəbələrdə 3860 yaşayış evi, 15 məktəb, 5 uşaq bağçası inşa ediləcək. Tikintilər gələn ilin sonunadək başa çatacaq. İlham Əliyev qəsəbələrlə tanışlıqdan sonra rayonun Quzanlı kəndində tikiləcək Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimində iştirak edib. Daha sonra rayonda məcburi köçkünlər üçün tikilmiş qəsəbəyə baş çəkərək, orada məskunlaşan sakinlərlə görüşüb. Sakinlər qarşısında çıxış edən Prezident bildirib ki, Azərbaycanla Ermənistan arasında danışıqlar uzun müddətdir davam edir və təəssüflər olsun ki, bu danışıqlar nəticə vermir: "Hər zaman növbəti danışıqlar zamanı yeni ümidlər ortaya çıxır, amma Ermənistanın qeyri-konstruktiv münasibəti üzündən puça çıxır. Ermənistanın bu cür rəftarı Azərbaycana öz siyasətinə yenidən baxmağa sövq edir. Azərbaycan atəşkəsə hər zaman sadiq olub və bundan sonra da sadiq olacaq". Dövlət başçısının sözlərinə görə, Azərbaycanın əsas mövqeyi münaqişənin sülh yolu ilə həll olunmasıdır və bunun üçün müəyyən format da mövcuddur. Bu format çərçivəsində ATƏT-in Minsk qrupu ilə məsləhətləşmələr aparılır. Danışıqların son mərhələsində sülh sazişinin əsas prinsiplərinin razılaşdırılması üçün məqam da yaranıb. Lakin Ermənistan bir daha sübut edir ki, o bu prinsiplərin reallaşdırılmasında maraqlı deyil və qeyri-konstruktiv münasibətini davam etdirir. Prezident bəyan edib ki, Azərbaycan bundan sonra nə edəcəyi barədə fikirləşməlidir. Daha sonra yerli sakinlərlə görüşən İlham Əliyev onların problemləri ilə maraqlanıb. Prezident bildirib ki, bundan sonra da onların vəziyyətinə diqqət artırılacaq, iqtisadi imkanlar yaradılacaq, iş yerləri açılacaq. Dövlət başçısı İlham Əliyev qəsəbələrlə tanışlıqdan sonra Quzanlıya gedərək, orada Heydər Əliyevin abidəsi önünə əklil qoyub. Məcburi köçkünlər üçün yeni salınan Bənövşələr qəsəbəsinə gedən Prezident orada məcburi köçkün ailəsində qonaq olub. Prezidentə bildirilib ki, bu qəsəbənin salınması üçün 6 milyon AZN-dən çox vəsait xərclənib. Bu qəsəbədə 460 ailə (1893 nəfər) məskunlaşıb. Qəsəbədə yerləşən 2 saylı orta məktəbə baş çəkən Prezident bir müddət əvvəl Azərbaycanda çadır şəhərciklərinin qalmayacağı barədə vəd verdiyini xatırladıb. İlham Əliyev bildirib ki, çadır şəhərcikləri yeni tipli qəsəbələrlə əvəz olunur və olunacaq: "Mən sözümə əməl etdim. Hazırda Azərbaycanın böyük bir problemi var, bu, Qarabağ problemidir. Digər problemləri tədricən aradan qaldırırıq, sosial problemlər həll edilir, bütün sahələrdə iş gedir. Qarabağ probleminin həll olunması üçün də danışıqlar aparılır. Ancaq bizim səbrimiz də tükənməz deyil. Torpaqlarımızı güzəştə getmək fikrimiz yoxdur. Biz istər hərbi, istərsə də digər sahələrdə Ermənistandan qat-qat güclüyük. Ermənistan heç vaxt bizimlə rəqabət apara bilməz". İlham Əliyev Tərtər rayonunun cəbhə xəttinə, yaxın kəndlərinə də baş çəkib. Hərbi qulluqda olan əsgərlərlə görüşən İlham Əliyev hərbi texnikanın vəziyyəti ilə də maraqlanıb. Ali Baş Komandan səngərdə olduğu vaxt təmas xəttindəki vəziyyəti müşahidə edib. İlham Əliyev bildirib ki, əsgərlər və hərbi texnika ilə tanışlıqdan sonra bir daha Azərbaycan ordusunun güclü olduğuna əmin olub: "Tərtər düşmənlə üz-üzə dayanan rayondur. Burada inkişafa daha çox ehtiyac var və biz rayonun inkişafı üçün əlimizdən gələni edirik. Tərtərin inkişafı üçün dövlət büdcəsindən lazımi vəsait ayrılır. Ehtiyac olarsa, bundan sonra ayrılan vəsaitlər artırılacaq". İlham Əliyev qeyd edib ki, səfər çərçivəsində Tərtərin və rayonətrafı yolların bərpasının yenidən həyata keçirilməsi üçün tapşırıq verilib. İlham Əliyev Dağlıq Qarabağ probleminin həlli yollarına da toxunub: "Problemin həllinin iki yolu var - ya sülh, ya da hərb. Problemin həlli üçün sonda hansına ehtiyac yaranacaqsa, biz bu yolu seçəcəyik". Daha sonra Tərtər rayonunun mərkəzi prospektinə gələn İlham Əliyev burada Heydər Əliyevin abidəsinin açılış mərasimində iştirak edib. Mərasimdə çıxış edən İlham Əliyev bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində hazırda diplomatik yola üstünlük versə də, gələcəkdə müxtəlif həll variantlarından istifadə edə bilər. Prezidentin sözlərinə görə, danışıqların gedişindən asılı olaraq hərbi variantdan da istifadə edilə bilər. İlham Əliyev bildirib ki, istənilən halda münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcək və rəsmi Bakının bu mövqeyi dəyişməzdir. Prezident danışıqlarda müəyyən irəliləyişlərin olduğunu, münaqişənin həlli üçün sülhməramlıların da cəlb olunacağının da istisna olmadığını deyib. İlham Əliyev daha sonra Bərdə rayonuna gələrək, ümummilli lider Heydər Əliyevin abidəsinin və muzeyinin açılışına qatılıb. Prezident muzeyin açılışından sonra Bərdə ictimaiyyəti ilə görüşüb. İlham Əliyev buradakı çıxışında bildirib ki, Prezident kimi Bərdəyə üçüncü səfəridir. Dövlət başçısı bu səfərində Bərdədə inkişaf getdiyini, yeni sənaye müəssisələri, məktəblər tikildiyini diqqətə çatdırıb. Sosial-iqtisadi inkişafdan danışan dövlət başçısı vurğulayıb ki, ölkədə yoxsulluğun səviyyəsi 2003-cü ildə 49 faiz idisə, indi 29 faizə enib. Prezident Azərbaycanın iqtisadi və siyasi inkişafını region dövlətləri ilə müqayisə edərək, regiondakı bəzi ölkələrin müstəqil siyasət yürütməyə çətinlik çəkdiklərini deyib: "Ancaq Azərbaycanın belə problemi yoxdur". İlham Əliyev prezident seçkiləri ərəfəsində verdiyi vədləri yerinə yetirdiyini də bildirib: "Regionların inkişafında əsas vəzifə yerli məmurların üzərinə düşür. Mənim məmurlardan tələbim ləyaqətlə işləmələridir. Əgər məmurlar ləyaqətlə işləsələr, Azərbaycanda heç bir problem qalmaz". Sonra İlham Əliyev Bərdədəki Müalicə Diaqnostika Mərkəzinin təməlqoyma mərasimində iştirak edib. Qeyd edək ki, bu mərkəz Azərbaycan Dövlət Neft Şirkətinin hesabına tikilir. Şirkətin prezidenti Rövnəq Abdullayev mərkəzin 10 aya təhvil veriləcəyini və 4 mərtəbəli xəstəxananın dünya standartlarına uyğun olacağını deyib. Prezident həmçinin daxili qoşunların Bərdədə tikilən hərbi hissəsində gedən işlərlə tanış olub. Burada Prezidenti daxili işlər naziri Ramil Usubov qarşılayıb. Tikinti işlərinin gedişatı barədə məlumat verən nazir bildirib ki, hərbi hissənin 500 yerlik yataqxana, 1000 nəfərlik yeməkxanası olacaq. Dövlət başçısı nazir Ramil Usubova hərbi hissənin içərisində zabitlər üçün hərbi şəhərcik tikilməsi ilə bağlı da göstəriş verib. Səfərin sonunda isə Prezident İlham Əliyev Bərdə, Tərtər və Ağdam rayonlarının icra başçılarının iştirakı ilə rayonların sosial-iqtisadi inkişafına həsr olunan müşavirə keçirib. İlham Əliyev rayonların icra başçılarına müvafiq tapşırıqlar verib.

0 Comments:

Post a Comment

<< Home